Tövratda Üzeyir adlı bir şəxs vardırmı, yəhudilər kimə Allahın oğlu deyirlər?
“Yəhudilər: “Üzeyir Allahın oğludur”– dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur”– dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. (Bu,) daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də (haqdan) döndərilirlər! Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.” (Tövbə surəsi, 9/30,31)
Tövbə surəsinin 30-cu ayəsində keçən “Yəhudilər : “Üzeyir Allahın oğludur”-dedilər” fikrinin əksinə, bəzi insanlar Tövratda Üzeyir adlı bir şəxsdən bəhs edilmədiyini və yəhudilərin bu şəxsə Allahın oğlu demədiklərini söyləyərək Quranda (Quranı tənzih edirik) yanlış fikir olduğunu iddia edirlər.
Halbuki həqiqət tamamilə fərqlidir və Quranı təsdiq edir. Tövratda təbii ki, Üzeyir adlı elçidən bəhs edilir. Bu şəxs Tövratın dili ilə Ezradır. Tarixi məlumatlar da xüsusilə 10-cu əsrə qədər musəvilərin bu şəxsə “Allahın oğlu” dediklərini isbat edir.
Üzeyiri Allahın oğlu olaraq qəbul etmələrinin səbəbi onun itmiş Tövratı yenidən yazması idi. Tövratda “Katib Ezra” (Ezra ha-Sofer) olaraq bəhs edilən Üzeyir Buhtunnasr Qüdsü qəsb etdikdən sonra yandırılan, yox edilən və hətta tamamilə unudulan Tövratı yenidən tərtib edən, yazan şəxsdir.
Yəhudi inancına görə Allah Üzeyirə katiblər götürərək xəlvətə çəkilməsini əmr etmiş, növbəti gün ona verilən kasadakı suyu içdikdən sonra qırx gün ərzində Tövratı yazdırmışdır. Yəhudilər Tövratı yenidən yazdığı üçün Üzeyiri “ikinci Musa” adlandırmışlar; Hz. Musa gəlməsə idi, Tövratın Ezraya verildiyini qəbul edəcəkdilər.
Ezra (Üzeyir) yox olmuş Tövratı əzbərdən yenidən yazdıqdan və bu Tövratın daha sonra yaşlı bir qadının saxlayıb ortaya çıxartdığı Tövratla eyni olduğu məlum olduqdan sonra yəhudilərin ona olan heyranlıqlarının artdığı və nəticədə onu “Allahın oğlu” olaraq qəbul etdikləri bildirilir. Eyni zamanda Peyğəmbərimizin (səv) dövründəki yəhudilərin və Kohen ailəsinə mənsub Mədinə ətrafında yaşayan Nadir və Kureyza yəhudilərinin də Üzeyiri Harun nəslindən olduğu üçün “Allahın oğlu” olaraq qəbul etdikləri bildirilir.
Yəhudi tarixində Süleyman məbədi dağıdıldıqdan sonra Kohenlərin fəaliyyətləri dayandırılmış və yəhudilərə məxsus siyasi və dini idarəçilik artıq Kohen ailəsinə mənsub olmayanlara keçmişdi və bu hadisə yəhudilərin Ezraya verdikləri yüksək dəyəri bir müddət sonra unutdurmuşdur. Digər tərəfdən, peyğəmbərlərinin (İsa Məsih) “Allahın oğlu” olduğunu iddia edən yeni bir qrupu (xristianlar) tənqid edən bir dinin (yəhudiliyin) mənsublarının öz iddialarını görməzlikdən gəldikləri anlaşılır. Bundan başqa, tarixçilər 9-cu və 10-cu əsrlərdə Üzeyiri “Allahın oğlu” olaraq qəbul edən yəhudilərdən bəhs edirlər.
Əl Cahiz (ö.869) bəzi yəhudilərin, Məqdisi (ö. 966) isə öz dövründə yaşayan Fələstin yəhudilərinin bir qisminin Üzeyiri ucaltmaq üçün ona Allahın oğlu (İbnullah) dediklərini rəvayət edirlər.
Həmçinin, xristian və yəhudilərin dində üstün gördükləri şəxslərə Allahın oğlu dedikləri, özlərini isə “yəhudi və xristianlar biz Allahın övladlarıyıq və sevdiyi şəxslərik” (Maidə surəsi, 18) ayəsinə əsasən, Allahın övladları və sevdiyi şəxslər olaraq xarakterizə etdikləri bildirilir.
Yəhudi və xristianların Üzeyir və İsa Məsihi Allahın oğlu olaraq qəbul etmələrindəki yanlışlığın tarixdə daima davam edən yanlış bir inanc olduğu Tövbə surəsinin 30-cu ayəsində vacib bir məqam olaraq bildirilir. Ayənin davamında “(Bu,) daha əvvəlki kafirlərin sözlərinə oxşayır.” ifadəsi politeist inanca sahib qövmlərin rəhbərlərinin və ya liderlərinin Tanrının oğlu olduğuna inandıqlarını göstərir.
Babil, Şumer, Akkad, Misir, Roma kralları, skandinaviyalılar, keltlər və s. xalqlarda inanılan Tanrının Təcəssüm/Təcəssüd//Hülul şəklindəki 3 vəziyyəti qeyd olunaraq, yeganə Yaradıcı Tanrının ruh gücünə inanılaraq insanın tanrıya çevrildiyi və bunu Tanrının oğlu olaraq səciyyələndirdikləri bildirilir. Bugün bu inanca inananlar hələ də var. Məsələn, hind mifologiyasında, trimurtidə 3 tanrı vardır. Buddizm inancında Budda da buddistlər tərəfindən Tanrının oğlu olaraq qəbul edilir.
Yəni yəhudilərin Tövratda Üzeyir adlı şəxsdən bəhs edilmədiyi və özlərinin heç vaxt bu şəxsə Allahın oğlu demədikləri iddiası yanlışdır. Bu iddia da digər iddialar kimi Qurana atılan böhtanlardan biridir. Halbuki Quran bir çox mövzuda əvvəlcə edilmiş səhvləri düzəldən kitabdır. Bu, bugün yaşayan yəhudilərin bilmədikləri məlumatı da onlara xatırladır. Allahın sözü olan Quranda heç bir səhv və ziddiyyət yoxdur.