“Şəfaətlə bağlı ayələrdə ziddiyyət vardır” iddiasına cavab

“Şəfaətlə bağlı ayələrdə ziddiyyət vardır” iddiasına cavabŞəfaət mövzusu ilə bağlı aylərdə ziddiyyət olduğunu iddia edən bəzi ateistlərin bu düşüncələrinə səbəb olan ənənəvi düşüncə sistemi bu ayələrin mənalarını təhrif etmişdir. Kitabın özünü dəyişdirə bilmədiklərinə görə rəvayətlərlə, bəziləri isə pis niyyətli düşüncələrinə görə ayələrin mənalarını təhrif etmişdir.

 

Bu məqaləmiz izin və istisnalı şəfaət ayələri haqqında olub, bəzi tərcümələrdə necə təhrif edilərək səhv anlaşılmasına vəsilə olduğu, əslində isə, bu ayələrin hansı mənanı ifadə etdi üzərində olacaqdır.

 

Mövzunu daha ətraflı izah etmək üçün əvvəlcə qısa texniki bilgi verək. İstisnalı şəfaət ayələrində istifadə edilən “İLLA” ədatının vəzifəsi nədir və hansı hallarda istifadə edilir? Bu ədat mürəkkəb sözdür. “İn”“la” kəlimələrinin birləşməsindən əmələ gəlmiş və “n” hərfinin “l” hərfi ilə uyğunlaşması nəticəsində “illa” kəliməsinə çevrilmişdir. “İn” Azərbaycan dilində “əgər, isə”, “la” isə inkar ədatı olub “deyil, yox, xeyr” deməkdir. Buna görə də bu iki kəlimənin birləşməsi olan “illa” ifadəsi “əgər deyilsə, əksinə, əks təqdirdə” mənalarını verir. Sonra bu ədat istisna ədatına çevrilərək ərəb dilinin əsl ünsürü olmuşdur.

 

Əlbəttə ki, ərəb dilində başqa istisna ədatları da vardır. Məsələn, “qayri, maada, siva”, lakin mövzumuz “illa” ədatıdır. Bu söz cümlənin mənasını məhdudlaşdırır və özündən əvvəlki cümləni ya təsdiq edir, ya da inkar edərək qətiləşdirir. Özündən sonraki cümləni isə əvvəlkindən ayırır. Belə demək mümkündürsə, əvvəlki cümlə ilə əlaqəni qoparır.

 

Əsr surəsinin “illa” istisna ədatı ilə edilən tərcüməsinə baxaq: “And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. ANCAQ iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.” İndi “illa”-ya “əgər, deyilsə, ya da… isə, o başqa” mənasını verərək tərcümə edək. “Axşam çağına and olsun ki, ƏGƏR iman gətirib, yaxşı işlər görüb, haqqı və səbri bir-birinə məsləhət görmürsə, insanlar ziyandadır.” Burada “əgər” şərt ədatı mənasını verdiyinə görə, ən düzgün tərcümə belə olacaqdır: “Axşam çağına and olsun ki, insanlar ziyandadır. İman gətirər, yaxşı işlər görər, haqqı və səbri məsləhət görərsə o başqa.

 

İndi isə şəfaətlə bağlı bəzi ayələrdəki fikir müxtəlifliyinə səbəb olan, daha doğrusu Azərbaycan dilinə tərcümə edilərkən problem yaranmasına səbəb olan bir nümunəyə baxaq:

 

Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən BAŞQA heç kəsə heç bir fayda verməz. (Nəcm surəsi / 26)

 

Allah mələklərin istəsələr də şəfaətə nail olmayacağını, bunun yalnızca Onun izninə bağlı olduğunu bildirmişdir. Burada mələklərin şəfaət etmə haqqına sahib olmadığı deyilsə də, təəssüflər olsun ki, İslam tarixində bəzi şəxslər “demək Allah izin verəcək ki, bu cür istisnalı bildirir” demişlər.

 

Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!” – deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Yunis surəsi / 18)

 

Şəfaət mövzusu Quranın heç bir ayəsində ənənəvi şəfaət inancındakı kimi “günahkar müsəlmanların başqa bir şəxsin vasitəsilə Allahdan günahlarının bağışlanmasını istəmək” deyil. Bunun müşrik inancı olduğu və təqzib edildiyinə baxmayaraq mənimsəmiş və üzərində ayrı din qurmuşlar. Şəfaəti tamamilə rədd edən ayələr üzərində hər hansı təxribat edə bilməyən ənənəvi inanc izin və istisnalı ayələri görüb “bax, izin verilənlər var, deməli onlar şəfaət edəcəklər” demiş və bilərək və ya bilməyərək (haşa) Quranı ziddiyyətli etmişlər.

 

Yunis surəsi 3-cü ayə: Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər…

 

Bəqərə surəsi 255-ci ayə: … Onun izni olmadan Onun yanında kim şəfaətçi ola bilər?

 

Bu ayədəki “Onun izni olmadan Onun yanında kim şəfaətçi ola bilər?” cümləsi ilkin baxışla “izin verərsə kimsə şəfaətçi olacaq” kimi mənaca təhrif edilmişdir. Halbuki “bununla bağlı Quran nə deyir” məntiqi ilə oxunsa şəfaət düşüncəsinin Qurandakı həqiqi mənası aydın olacaq. Müşriklərin Allahdan başqa ibadət etdiklərinə yüklədikləri o inanc rədd edilir. Alahdan başqa qəbul etdikləri şəfaətçilərin yaradıldığı, “onların etdiklərini və edəcəklərini bilir” məalındakı cümlədən aydın olması, şəfaətin yalnızca yaratdıqlarının hər şeyini bilən Allaha aid olduğu bildirilir. Yunis surəsinin 3-cü ayəsindəki izin mövzusu ilə Bəqərə surəsinin 255-ci ayəsi eyni şəkildə başa düşülməlidir.

 

Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaətə malik olmazlar. (Məryəm surəsi / 87)

 

Bu ayə həm məalən, həm də məzmundan kənar oxunaraq məna təhrifinə məruz qalan ayələrdəndir. Halbuki 77-ci ayədən etibarən oxuduqda kimin əhd aldığı, inkarçılara belə bir əhdin verilmədiyi, əhd verilənlərin təqva sahibləri olduğu və onların da Allah tərəfindən xilas edildiyi Məryəm surəsinin 72-ci ayəsində bildirilmişdir. Ayələrin məzmununa baxdıqda inkar edənlərin axirətdə mal və uşaqlarla şəfaət ediləcəyi inancı rədd edilir, yalnızca iman və saleh əməllərin qarşılığında şəfaət əhdi alındığı, bunlardan başqa heç kimə belə bir sözün verilmədiyi, əksinə, cəhənnəm ilə cəzalandırılacağı qeyd edilmişdir. Diqqət etdinizsə, Allahdan başqa heç kimə şəfaət etmə hüququ verilmir.

 

O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir. (Taha surəsi / 109)

 

Taha surəsinin 109-cu ayəsi məalən təhrif olunmuş ayələrdəndir. Bir çox məalda yanlış şəfaət inancının təzahürü olaraq Allahdan başqasının şəfaət etməsi inancı əsasında “O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.” kimi tərcümə edilmişdir. Yanlış olan kəlimə “heç kimin” olaraq tərcümə olunan ifadənin, əslində “heç kimə” olmasıdır.

 

Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!” – dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır. (Ənbiya surəsi / 26)

 

Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. (Ənbiya surəsi / 27)

 

Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər. (Ənbiya surəsi / 28)

 

Ənbiya surəsindəki bu ayələr müşriklərin mələklər haqqındakı yanlış inancını təqzib etmiş və dindəki yerlərinin hörmətli qullar olduğunu bildirmişdir. Şəfaət edilən insanların isə “Allahın razı olduğu şəxslər” olduğunu görürük. İndi isə yanlış şəfaət inancını müdafiə edənlərdən soruşuruq: Allahın razı olduğu insanın başqasının köməyinə ehtiyacı varmı? Əlbəttə ki, xeyr.

 

Onun qarşısında, izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, mələklərin qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, digərləri isə: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!” – deyə cavab verərlər. (Səba surəsi / 23)

 

Bu ayədə də yanlış şəfaət inancına uyğun olaraq bir çox məalda Allahdan başqasına şəfaət hüququ verilməsinə çalışılmışdır. Diqqət etsək görərik ki, “məliki yəvmiddin”ayəsinə istinadən hesab günü də ixtiyarın yalnızca Allaha aid olduğu qeyd edilmişdir.

 

Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır. (Zuxruf surəsi / 86)

 

Bu və buna bənzər Zumər surəsi 44-cu ayə çərçivəsində baxdığımız zaman Quranın şəfaət haqqında bildirdiyi aydın olur.

 

De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”. (Zumər surəsi / 44)

 

Nəticə etibarilə, ziddiyyətsiz kitab olan Quranda bir qisim ayədə “şəfaət yalnızca Allaha”, bir qisim ayədə isə haşa “Allahdan başqasına şəfaət hüququ veriləcəyi”nin bildirilməsi mümkün deyil. Rəbbimiz bizləri Öz şəfaətinə nail etsin inşaAllah.