Quranı başa düşmək çətindirmi?

al-quran11Bəzi ateistlər və ənənəvi din anlayışına sahib şəxslər “Quranın çətin başa düşüldüyünü, ayələrin açıq olmadığı” fikrini irəli sürürlər. Bu iddialar keçmişdən günümüzə qədər gələn yanlış, əsassız və səmimiyyətsiz iddialardır. Quran elə bir xüsusiyyətə və dilə sahibdir ki, hər yaşdan və mədəniyyətdən insan onu asanlıqla anlaya bilər.

Qurana görə, Quran “beyyinə”dir (açıq dəlildir). Quranda beyyinə ifadəsi açıq dəlil olaraq bildirilmişdir. “Beyyinə” ifadəsinin keçdiyi “Ənfal” surəsinin 42-ci ayəsini araşdıraq:

…Lakin Allah olacaq işi həyata keçirmək üçün (belə etdi) ki, həlak olan açıq-aydın bir dəlillə (beyyinə) həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə (beyyinə) sağ qalsın….

Qurana görə, insan açıq dəlilə (beyyinə) əsaslanmalıdır. Yəni adətlərə boyun əyərək “belə gördük, belə edirik” məntiqi ilə əksər insanların davranışlarını təkrarlamaq Qurandakı İslama uyğun deyil. Qurana görə, Quran “beyyinə”dir (açıq dəlildir). Bu səbəbdən, ancaq Quranı dinin tək mənbəyi kimi qəbul edənlər açıq dəlilə tabedirlər.

Quranda ayələr möhkəm və mütəşabih ayələrdən ibarətdir (Ali-İmran surəsi, 7). Quranda möhkəm ayələrin hamısı açıq-aydın, başa düşülən və müfəssəldir. Bəs mütəşabih ayələr üçün eyni sözləri deyə bilərikmi? Allah göndərdiyi ayələri iki hissəyə ayırır və bunu izah edir. Allah məsul olduğumuz möhkəm ayələrin açıq-aydın olduğunu və hər şeyə dair nümunələr göndərdiyini, anlamağımız üçün izah etdiyini bildirir. Bu ayələrin hökmü ilə insanları tərbiyələndirmək istəyir. Bu ayələrin dinin əsası, təməli olduğunu bildirir. Allah ayədə belə bildirir:

Əlif. Ləm. Ra. (Bu,) Müdrik, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır.(Hud surəsi,1)

Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik. (Nur surəsi, 34). (Bax. “İsra” surəsi 41, ”İsra” surəsi 89, “Ənam” surəsi 65, “Əraf” surəsi, 5)

Allah Quranın başa düşülməsini, ayələr üzərində dərindən düşünülməsini istəyir. Ayələr üzərində düşünərkən səhv etməmək üçün xüsusən mütəşabih ayələr mövzusunda diqqətli olmağı əmr edir.

Quranın bu izahlarına baxmayaraq, rəvayətçilər Quranın (Haşa) izaha ehtiyacı olduğunu bildirirlər. Peygəmbərin Quranı açıqladığı “Nəhl” surəsinin 44 və 64-ci ayələrini buna dəlil olaraq göstərirlər.

Ayələrdə keçən “litubeyyinə” ifadəsinin mənasını bilmək üçün Qurana nəzər salmağımız kifayətdir.

“Litubeyyinə” ifadəsini “Ali-İmran” surəsi 187 və “Maidə” surəsi 15-ci ayələrdə “bir şeyi gizlətmək, özünə saxlamaq” terminlərinin əksi olaraq istifadə edilmişdir.

O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz o (Kitabı) mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə də pisdir! (Ali-İmran surəsi, 187)

Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. (Maidə surəsi, 15)

İfadəni “Bəqərə” surəsində araşdıraq:

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 256)

Ayələrdən də aydın olur ki, “litubeyyinə” ifadəsi Quranda “açıq”, “gizli olmayan” və “gizli tutulanın əksinə” olaraq istifadə edilmişdir.

Allah Quranda hər şeyi açıqlamışdır. Quran asanlaşdırılmışdır. Belə bir vəziyyətdə Quranı heç kəs anlamaz demək doğru deyil. …Sizi ən gözəl tanıyan Odur. (Nəcm surəsi, 32). Allah bütün insanların qaranlıqlardan nura çıxmaları üçün hər məsələnin açıqlamasını və həllini Quranda bildirmişdir.

Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir. (Qiyamət surəsi, 19)

Bəziləri isə möhkəm ayələrin aydın olduğunu, mütəşabih ayələrin isə qəliz və anlaşılmaz olduğunu irəli sürür. Quranda isə vəziyyət belə deyil, çünki mütəşabih ayələri anlamaq üçün elm və ağıl lazımdır.

Əgər Quranı anlamaq istəyirsinizsə, Quranın yetərli və mükəmməl olduğunu unutmamalısınız. Oxuyarkən anladığınız dildə oxuyub, bizdən nə tələb olunur sualını axtarmalısınız. Quranda fövqəltəbii məlumatlar var, ancaq bu məlumatlar heç vaxt insanın ağlına tərs mütənasib olmaz.

Yavaş-yavaş, asan olan yerdən oxumağa başlamaq və üzərində düşünmək lazımdır. “Ya Rəbbi! Elmimi artır” deyə dua etməyi unutmamalı, heç vaxt tələsməməlisiniz.

Allah ağıllı insanlara xitab edir. Hələ də anlaya bilmirsinizsə, çatışmazlığı Quranda deyil, özünüzdə axtarmalısınız.

Quranı başa düşmədiyiniz dildə oxumaqla savab qazanacağınızı deyil, onunla həyatınızı istiqamətləndirməyin vacibliyini unutmayın.