QURANDA TƏCAVÜZÜN CƏZASI VARDIRMI?

QURANDA TƏCAVÜZÜN CƏZASI VARDIRMIQuranda təcavüzün cəzası vardırmı? Ənənəvi din və ateizm tərəfdarları “Quranda təcavüzə qarşılıq hər hansı bir cəza hökmünün olmadığı ilə bağlı iddia irəli sürürlər. Halbuki, iddianın tam əksinə Quranda təcavüzə təşəbbüs də daxil olmaqla, təcavüz günahını işləyənə HƏBS CƏZASI VERİLMƏSİ hökmü var. Mövzunu çox uzatmayaraq birbaşa Qurana və orda bizim üçün verilən insanlıq örnəyinə baxaq. Əvvəla Quranda bəhs olunan hər qissə bizlər üçün dərs götürülməli bir yol rəhbəridir.

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusuf/111)

Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl-xəbərsiz olanlardan idin. (Yusuf/3).

Qurandakı qissələrin gerçək bir xəbər kimi qəbul olunmasının əsas səbəbi tarix boyu ən vacib əxlaqi qaydaların hər dövr üçün universal və daimi olmasıdır. İndi isə mövzu ilə bağlı Yusuf surəsində keçən qissəni müşahidə edəcəyik:
Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır.(Yusuf/24)

Ayələri diqqətli oxuduqda qadın cinsi əlaqə üçün qarşı tərəfə məcburi zəmin hazırlamış, çıxış qapılarını bağlamış və razılıq olmadığı halda onu cinsi əlaqəyə dəvət etmişdir.

Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. (Qadın) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”(Yusuf/25)

Məcburi cinsi əlaqəyə dəvət edilən insan isə bu həyasızlıqdan çəkinmişdir. Köynəyin cırılması da onun müqavimət göstərdiyinin dəlilidir. Qapını qadının ərinin açması nəticəsində özünü təmizə çıxarmağa çalışan qadın bu zaman ÖZÜNƏ TƏCAVÜZ OLUNMAĞA çalışıldığını iddia etmişdir. Diqqət etsəniz Quranda təcavüzə təşəbbüs də, təcavüzü gerçəkləşdirmək də bir tutulur və cəza olaraq də HƏBS CƏZASI uyğun görülür.

Yox əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o isə doğru danışanlardandır”. (Yusuf/27)

Təcavüz hadisələrində mühüm bir xüsusiyyət də onun sübutunun çətinliyidir. Bu səbəbdən təcavüzə məruz qalanın üzərində təcavüz edənə aid hər hansı bir iz (dırnaq parçası, saç, qan nümunəsi, təcavüz əsnasında geyinilən paltar və ya alt geyim və s.) ayəyə görə çox vacib dəlildir.

QURAN İSTİQAMƏTİNDƏ MÖVZUNU QISA XÜLASƏ EDƏK

1) Quran təcavüzün cinsi əlaqəyə məcbur etmək olduğunu bildirmiş və qınamışdır.
2) Kişi bu mövzuda qadın qədər zərər çəkmiş olsa da, yenə də təcavüzün doğru olmadığına diqqət çəkilmişdir.
3) Təcavüz hadisələrində dəlillərin əhəmiyyətinə diqqət çəkilmişdir.
4) Təcavüzə təşəbbüs ilə təcavüzün feili gerçəkləşməsi bir-biri ilə eyni tutularaq həbs cəzası tətbiq edilmişdir.
5) Quranda bildirilən formada şəriət ilə beynəlxalq hüquq dediyimiz və bəşəriyyətin min illərlə topladığı baza ilə yaradılan sistemlər arasında heç bir ziddiyət yoxdur. Quranda Misir konstitusiyasında tətbiq edilən cəzalara diqqət çəkilmiş və ölkələrin dövlət qanunlarının Quran ilə tamamlanacağını bildirərək buna təşviq etmişdir. Bir neçə maddə xaricində Quran şəriəti beynəlxalq hüquqa istiqamət verən, amma bir çox mövzuda onunla üst-üstə düşən bir sistemdir. Bəzi dar düşüncəli İslam ölkələrində tətbiq edilən Qurandan kənar şəriətə baxıb qərar vermək Quranın əsl mətninin bizə əmr etdiyi əxlaqa və şəriətə qarşı edilmiş kobud tənqiddən irəli keçməyəcəkdir.