Quranda mövzuların pərakəndə olması iddiasına cavab

Quranda mövzuların pərakəndə olması iddiasına cavabQuranda bir mövzudan bəhs edilərkən başqa mövzuya keçilməsi və yenidən əvvəlki mövzuya qayıdılması bir çoxlarının tənqidi fikirlər irəli sürməsinə səbəb olur. Onlar Quranın (haşa) qarışıq, mövzularının isəpərakəndə olduğunu deyirlər.

Əslində belədir, yoxsa burada üstün izah xüsusiyyəti, sənət və riyazi nizam var?

Əvvəla, Quran təkcə elmi, hüquqi, və ya sadəcə əxlaqi kitab deyil. Quran insanlara ən doğru yolu göstərən İlahi rəhbərdir. Quranda Yaradıcı ilə insan, insan ilə insan və insanla kainat arasındakı əlaqələri nizamlayan qanunlar mövcuddur. Quranın əsas məqsədi təlim, islah, hidayət və insanlara yol göstərməkdir. Digər məlumatlar əsas mövzuları izah etmək və dəstəkləməyə yardım edən ikinci dərəcəli amillərdir.

Quranda bir mövzuya aid olan ayəni başqa mövzularla ya birbaşa, ya da vasitəli şəkildə əlaqələndirmək olar. Mövzuların bir çox ayədə olmasıonu genişləndirir. Eynilə rəqəmlərdəki kimi. Müəyyən nizamla sıralanan 10 rəqəmlə sadəcə bir telefon nömrəsi əldə etdiyimiz halda, 10 rəqəmdən sırasız şəkildə qarışıq istifadə edəndə sonsuz sayda nömrə yaratmaq olar. Quran heç bir mövzuda, digər kitablarda olduğu kimi, giriş-əsas hissə-nəticə şəklində izah vermir.Bu sıralı izah xüsusiyyətindən daha mükəmməl öyrətmə metoduna malikdir. Buna görə də Quran dünyadakı heç bir kitaba bənzəmir.
Quran maarifləndirici kitabdır. Quranda mövzuların düzülüşü insanı birbaşa həyatın içinə atır və həyatdan bəhs edir. İnsan özünü sanki bir layihə üzərində işləyirmiş kimi hiss edir. Məsələn, bizə inkarçıların düşüncə tərzini öyrədir. Bu psixologiyadakı insanları tanımaq və özümüzün də belə xüsusiyyətlərdən uzaqlaşması üçün. Əgər Quranda sadəcə müəyyən kateqoriyadakı insanlara xitab edilsəidi, aşağıda nümunə üçün yazdığımız ayələrdəki təsiri yaratmayacaqdı:

“O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” (Yasin surəsi,78)
“Müşriklər deyəcəklər: “Allah istəsəydi, nə biz, nə də atalarımız (Ona) şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik…” (Ənam surəsi, 148)

“…Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”. (Yasin surəsi, 47)

Bu ayələrdə bizə həm inkar edənlərin düşüncə tərzi,həm onlara veriləcək cavablar, həm də hadisələr qarşısında necə davranacağımız eyni anda məlumat verilir. Və yenə dünya həyatı ilə axirət həyatı arasında əlaqə qurmağı da öyrədir.
Bu cür açıqlamalara Quranın bir çox ayəsində rast gəlirik. Əgər ayələrə diqqət yetirsək, oxuduğumuz surənin həyatımızda davamlı qarşımıza çıxdığını, bir çox hadisədə bu surələrin qazandırdığı düşüncə tərzi ilə hadisələrə baxdığımızı görə bilərik.

Quran canlıdır.O, həyatda qarşılaşacağımız müxtəlif hadisələrdən danışır və həyata doğru yöndən baxmağa kömək edir. Demək olar ki, hər ayəsi həyatımızın bütünü üçün keçərlidir.

Quranda da bir mövzunu anlamaq üçün sadəcə o mövzuya baxmaq kifayət etmir. Quranın hamısına baxmaq lazımdır. Hamısını dərk etmədən bir hissəsini qavramaq olmaz. Paradoks kimi görünür, amma kiçik bir hissəsini anlayanda hamısını anlamış oluruq. Eynilə həyat kimi…

Müəyyən ardıcıllığa görə nizamlanan kitab qətiyyən Quran kimi insan ruhuna və ağlına təsir etməz.
Quranı bizə Allah öyrədir və izah edir. İnsanın fitrətinə ən uyğun olan Quranı anlamaq və yaşamaqdır. Uca Rəbbimizin ayələrdə də bildirdiyi kimi, Quranı tələsmədən, hissə-hissə, düşünə-düşünə oxumaq lazımdır.

Gördüyümüz kimi, Quranın müxtəlif surələrində keçən ayələr fərqli mövzunun hissələrinitəşkil edir. Təbiətdə pərakəndə şəkildə olan, ancaq bir funksiya yerinə yetirən müxtəlif maddələrin müəyyən məqsədlə laborotoriyada birləşdirilməsi kimi, Quran ayələri də hər cür mövzunun hissəsinə aid olan materiallardır. İlk baxışda qarışıq və pərakəndə görünən bu İlahi nizam sonsuz funksiya yerinə yetirmə qabiliyyətinə malikdir və tükənməyən nemətdir.