İnkarçılar qəsdən Qurandakı müharibələrlə bağlı ayələrin əsl mənalarını təhrif edirlər. Ayələri mətnin əsas məğzindən uzaqlaşdıraraq səhv izah edirlər. Halbuki bu ayələr Quranın ümumi məntiqinə və mövzunun mahiyyətinə görə dəyərləndirilsə, məsələ aydın olar. Tövbə surəsindəki ayə belədir:
Kitab verilənlərdən Allah’a və Axirət gününə iman gətirməyən, Allah’ın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din (olan İslama) etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun. (Tövbə surəsi, 29)
Ayədən aydındır ki, burada Kitab əhli ilə yox, özlərindən bir qrupla vuruşmaq əmr edilir. Bu əmrin verilmə səbəbi isə həmin qrupun müsəlmanlarla vuruşmasına görədir. Əgər Tövbə surəsini əvvəldən oxusaq, hər şey aydın olar.
Müharibə ilə bağlı ayələrdə Quran bütünlükdə dəyərləndirilməlidir. Bütün bu iddiaların əksinə, Qurana əsasən müharibə özünümüdafiə məqsədilə olmalıdır. Başqa xalqın torpaqlarını zəbt etmək üçün aparılan müharibəni Quran qəbul etmir və bu din uğrunda aparılan müharibə hesab edilmir. Tarix boyu İslam dövlətləri qəsbkarlıq məqsədilə bəzi müharibələr aparıb. Amma bunların hamısı din uğrunda olmayıb, siyasi məqsəd daşıyıb. Allah bu cür müharibələri qadağan edib. Bəqərə surəsində belə buyurulur:
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Müşriklərə) harada rast gəlsəniz öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidulharamın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir. Əgər onlar (günah işlərə) son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir! Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur. (Bəqərə surəsi, 190-193)
Bu ayələrdən görsənir ki, müharibə yalnız vuruşanlara qarşı aparılır. Üstəlik, Allah iman gətirənlərə müharibədə hökümlərini aşmamağı əmr edir. Əgər qarşı tərəf vuruşmağa son qoyub aman diləyərsə, müsəlmanlar da son qoymalıdırlar. Quranda müharibənin yalnız özünümüdafiə məqsədi ilə aparıldığı yuxarıdakı ayələrdən də görsənir. Hücuma məruz qaldıqda isə Allah müsəlmanların təcavüzkarlara qarşı var gücləri ilə vuruşmalarını əmr edir. Bu haqda Tövbə surəsində belə bildirilir:
Məgər siz andlarını pozan, Peyğəmbəri (öz yurdundan) qovmaq fikrində olan, özləri də sizinlə (döyüşü) birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allah’dan qorxmalısınız. Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 13-15)
Müharibədə güclü və qətiyyətli olmaq həm müharibənin daha tez bitməsi üçün, həm də gələcəkdə olan müharibələrin qarşısını almaq baxımından çox önəmlidir. Təcavüzkarlara qarşılıq vermək və onları bu hərəkətlərinə peşman edib sülhü bərqərar etmək üçün ən doğru yoldur.
Bundan başqa Allah, müsəlmanlardan zəif buraxılmış, əziyyət görən, möhtac insanlar üçün yenə onları qoruma məqsədli döyüşə icazə verir:
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi / 75)
Bu cür döyüş şiddətdən deyil əksinə mərhəmətdən yaranır. Zalımlığa qarşı İslam, məzlumu mühafizə etməyi və qorumağı inananlara tövsiyyə edər. Sülh şəraitində isə Allah, iman edənlərdən yaxşılığı və ədaləti istəyir. Burada məqsəd döyüşə qarşı sülhün qorunub mühafizə edilməsidir:
Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. (Mumtəhənə surəsi / 8)
Qarşınızdakı qrup hansı dindən olursa olsun əgər sülh şəraitində yaşamaq istəyirsə, bunlara qarşı inananların yanaşması dostcasına olmalıdır. Bu səbəbdən, bu ayələrin tamlığı qorunaraq oxunub qiymətləndirildiyində ortada ziddiyyət qalmır.