Kəhf surəsi 86-cı ayəyə görə Quranda günəşin suyun içinə batdığı və dünyanın düz olduğu iddia edilir. Lakin digər iddialar kimi bunlar da doğru olmayan iddialardır. Bu səhv fikir sözlərin mənalarını düzgün başa düşməməkdən irəli gəlir. Aydın olmaq üçün Kəhf surəsi 86-cı ayəyə ətraflı baxaq.
Nəhayət, günəşin batdığı (məğrib) (مغرب) yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə (lehməli bir suda)batan (Ğarəbə) (غرب) gördü. O, çeşmənin yanında bir tayfa da gördü. (Kəhf surəsi, 86)
Birincisi iddiada, günəşin suyun içinə batdığı deyilsə də bu səhvdir. Ayədə “batmaq” kimi tərcümə olunan iki feil vardır. Dilimizdə “günəşin batması” və “bir şeyin suda batması” ifadələrindəki feil eyni ola bilər, lakin ərəb-dilində fərqlidir.
Günəşin batması ərəb-dilində “Ğarəbə” (غرب) feili ilə ifadə edilir. Hətta bu kökdən əmələ gəlmiş sözlər bizim dilə də keçmişdir. Məsələn, qərb (غرب) və ya “məğrib” (مغرب) eyni kökdən əmələ gələn sözlərdir.
Bir əşyanın suda batması isə “Ğarəqə” (غرق) feilidir və “Ğarəbə”-dən fərqli feildir. Bu söz də əslində dilimizə keçmişdir. Suya qərq oldu deyərkən bu feildən istifadə edirik. Quranda da bir şeyin suda batmasını ifadə etmək üçün bu söz istifadə edilir. Məsələn, Kəhf surəsində belə deyilir:
“…Sən gəmidə olanları suya qərq etmək (Ğarəqə) (غرق) üçünmü onu deşdin?” (Kəhf surəsi , 71)
Deməli, günəşin batması və bir şeyin suda batmasının dilimizdə eyni feil ilə ifadə edildiyi, ərəb-dilində isə fərqli feillər olduğu aydın oldu. Bu səbəbdən yuxarıdakı ayədə də günəşin suda bir cisim kimi batmasından bəhs edilmir.
Əslində “batmaq” feilinin ərəb-dilində mənası bilinməsə belə bu səhv fikri formalaşdırmaq pis niyyətli insanlara məxsusdur. Görəsən, bir insan “Mən dünən dəniz kənarına getdim və günəşin batmasını seyr etdim”-deyəndə, bundan günəşin suyun içinə batdığımı başa düşülür? Həmçinin bir insan”günəş doğdu” dedikdə, günəşin bir anası var və hər səhər bu ana günəşi doğurmu başa düşülür? Əlbəttə ki, yox.
Digər iddiada isə, ayədə keçən günəşin batdığı yer ifadəsi ərəbcə”məğrib”dir (مغرب). Bu söz qərbdə olan yer deməkdir. Bu ifadə qərbdə yerləşən ən uzaq yeri bildidir. Məsələn, Afrika materikinin şimal-qərb hissəsində yerləşən Mərakeşə ərəblər “Məğrib” deyirlər. Çünki qərb tərəfdə yerləşən bir yerdir. Buradan da dünyanın düz olması mənası qətiyyən çıxmır. Məsələn, hal-hazırda da dilimizdə və ya digər dillərdə bənzər ifadələr istifadə edilir.
Yaponiya uzaq şərq ölkələrindən biridir. (İngilis-dilində də eyni mənanı verən “Far East” ifadəsi vardır). Yaponiyanın dünyanın şərqində yerləşən ən uzaq ölkə olması dünyanın düz olduğunu bildirməz.