Quranda dağların əsas geoloji funksiyası bildirilir:
Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq…(Ənbiya surəsi, 31)
Ayədə dağların Yer üzündəki silkələnmənin qarşısını alan xüsusiyyətindən xəbər verilir. Quranın nazil olunduğu dövrdə bilinməyən bir həqiqət dövrümüzdə müasir geologiyanın kəşfləri nəticəsində ortaya çıxıb.
Qədimdən dağların yalnız Yer kürəsinin səthində olan yüksəkliklər olduğu düşünülürdü. Ancaq elm adamları dağların təkcə səth yüksəkliklərinin olmadığını, Yerin altında olan və dağ kökü adlanan hissələrinin bəzən hündürlüklərinin 10-15 qatı qədər olduğunu kəşf etdilər. Məsələn, zirvəsi yer üzündən təxminən 9 km. yuxarıda olan Everest dağının 125 km.-dən çox kökü vardır. (1)
Bundan başqa, dağlar Yer qabığını əmələ gətirən böyük təbəqələrin hərəkətliliyi və toqquşmaları nəticəsində meydana gəlir. İki təbəqə toqquşduğu zaman daha möhkəm olanı digərinin altına girir. Üstdə qalan təbəqə qıvrılaraq yüksəlir və dağları əmələ gətirir. Altda qalan təbəqə isə Yerin altında uzanaraq dərin kök əmələ gətirir. Beləliklə, dağların Yerin səthində gördüyümüz hissələri qədər Yerin altına doğru uzanan kökləri də var.
Dünyada məşhur geoloqlardan biri olan professor Siaveda dağların Yerə köklər şəklində bərkidildiyindən bəhs edərkən belə deyir:
Qitələrdəki dağlar və okeanlardakı dağlar arasındakı əsas fərq onların tərkibindədir. Ancaq hər ikisində də dağları dəstəkləyən köklər var. Qitələrdəki dağlarda yüngül və sıxlığı az olan maddə Yerin daxilinə doğru kök kimi uzanır. Okeanlardakı dağlarda isə dağın kökü kimi bilinən yüngül maddə var… Köklərin funksiyası Arximed qanununa əsasən dağları dəstəkləmək üçündür. (2)
Həmçinin Amerika Elmlər Akademiyasının keçmiş sədri Frank Pressin dünyanın bir çox universitetdə dərslik kimi istifadə olunan Dünya (Earth) adlı kitabında dağların mismar şəklində olduqları və Yerə bərkidildikləri bildirilir. (3)
Başqa Quran ayələrində isə dağların bu funksiyasına dirək olaraq işarə edilir:
Məgər Biz yeri döşək etmədikmi?!Dağları da dirək? (Nəbə surəsi, 6-7)
Yenə bir ayədə Allah “dağları da yerə bərkitdi” (Naziat surəsi, 32) şəklində bildirir. Bu ayədə keçən “ərsayha” sözü “köklü etdi, sabit etdi, yerə çaxdı” mənalarını verir. Bu xüsusiyyətləri sayəsində dağlar Yer təbəqələrinin birləşmə nöqtələrində Yerə və Yerin altına doğru uzanaraq bu təbəqələri bir-birinə bərkidirlər. Bu şəkildə Yer qabığını sabitləşdirərək maqma təbəqəsi üzərində və ya öz təbəqələri arasında sürüşməyə mane olurlar. Qısası, dağları taxtaları bir yerdə saxlayan mismarlara bənzədə bilərik.
Gördüyümüz kimi, müasir geoloji və seysmik tədqiqatlar nəticəsində aşkar edilən dağların həyati funksiyası əsrlər əvvəl Qurani-Kərimdə Allahın yaratmasındakı üstün hikmətə nümunə kimi verilmişdir. Bir ayədə belə buyurulur:
…yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş..(Loğman surəsi, 10)
Dağların yeriməsi
Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər… (Nəml surəsi, 88)
Dağların bu hərəkəti Yer qabığının hərəkətindən qaynaqlanır. Yer qabığı özündən daha sıx olan mantiya təbəqəsi üzərində sanki bulud kimi hərəkət edir. XX əsrin əvvəllərində alman elm adamı Alfred Vegener qitələrin dünyanın ilk dövrlərində bir yerdə olduqlarını, sonra isə müxtəlif istiqamətlərə doğru irəliləyərək bir-birindən uzaqlaşdıqlarını bildirmişdi.
Ancaq geoloqlar Vegenerin haqlı olduğunu ölümündən 50 il sonra, yəni 1980-ci ildə anladılar. Vegener 1915-ci ildə nəşr olunan məqaləsində bildirirdi ki, Yerin quru hissələri təxminən 500 milyon il əvvəl bir-birlərinə bağlı olublar və Pangeya adlanan bu böyük quru hissəsi cənub qütbündə olub. Təxminən 180 milyon il əvvəl Pangeya iki hissəyə ayrılıb. Fərqli istiqamətlərə sürünən bu iki nəhəng qitədən birinci Afrika, Avstraliya, Antarktida və Hindistanı əhatə edən Qondvanaya parçalanıb. İkinci isə Avropa, Şimali Amerika və Asiyadan ibarət olan Lavrasiyaya parçalanıb. 150 milyon il ərzində Qondvana və Laurasiya daha kiçik hissələrə ayrılıblar.
Məhz Pangeyanın parçalanması ilə ortaya çıxan bu qitələrin quru və dəniz arasındakı bölgüsü dəyişdirilərək ildə bir neçə santimetr sürətlə Yer səthində irəliləyirlər.
XX əsrin əvvəllərində aparılan geoloji tədqiqatlar nəticəsində kəşf edilən Yer qabığının bu hərəkəti elmi mənbələrdə belə açıqlanır:
Yer qabığı və üst mantiyadan ibarət olan 100 km. qalınlığındakı Yer səthi “təbəqə” adlanan hissələrdən ibarətdir. Yer səthini təşkil edən altı böyük təbəqə və saysız-hesabsız kiçik təbəqə var. “Tektonik təbəqə” adlanan bu nəzəriyyəyə görə bu təbəqələr qitələr və okean təbəqələri ilə bərabər Yer üzərində hərəkət edirlər. Kontinental hərəkətin ildə 1-5 sm. olduğu hesablanmışdır. Təbəqələr bu şəkildə hərəkət etdikcə Yer coğrafiyasında dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az da genişlənir. (4)
Burada qeyd etmək lazımdır ki, Allah dağların hərəkətini ayədə yerimək şəklində bildirmişdir. Belə ki, müasir elm adamları bu hərəkəti ingiliscə “continental drift”, yəni kontinental sürünmə adlandırırlar. (5)
Qitələrin sürüşməsi Quranın endirildiyi dövrdə müşahidə olunmayacaq məlumatdır və Allah ayədə keçən “hərəkətsiz durmuş güman edərsən” ifadəsi ilə insanların bunu necə dəyərləndirəcəklərini əvvəlcədən bildirmişdir. Ancaq bundan sonra bir həqiqəti izah etmiş və dağların buludlar kimi hərəkət etdiyini xəbər vermişdir. Gördüyümüz kimi, ayədə dağların olduğu təbəqənin fəallığına açıq şəkildə diqqət çəkilmişdir.
Yeni kəşf olunan bu elmi həqiqətin, kainat və təbiət haqqındakı fikirlərin xurafat, batil inanc və əfsanələrə əsaslandığı VII əsrdə Quranda xəbər verilməsi həqiqətən möcüzədir. Bu, Quranın Allahın sözü olduğunu mühüm dəlilidir.
NƏTİCƏ: Dağlar kökləri sayəsində mismar kimi Yerə bərkidilərək sabit dayanırlar. Baxanda həqiqətən onları donmuş görürük. Ancaq bizim dərk etməyəcəyimiz şəkildə buludların sürünməsi kimi ildə 1-5 sm. yeriyirlər. Bu iki məlumat bir-biri ilə zidd olmadığı üçün Quranda yer alan iki elmi möcüzənin də dəlilidir.
Mənbələr:
1- Prof. Zighloul Raghib El-Naggar’ın konuşmasından.
2- http://www.beconvinced.com/science/QURANMOUNTAIN.htm
3- Frank Press, Raymond Siever, Earth, 3. baský, W. H. Freeman & Company, San Francisco, 1982.
4- Carolyn Sheets, Robert Gardner, Samuel F. Howe, General Science, Allyn & Bacon Inc. Newton, Massachusetts, 1985, s. 305.
5- Powers of Nature, National Geographic Society, Washington D. C., 1978, ss. 12-13.