Qurana görə araşdırmaq qadağandırmı?

Ateistlərin iddialarına görə, Quranda “Maidə” surəsinin 101-ci ayəsində “sorğu- sual etmək”, başqa ayələrdə isə “düşün” deyilir. Quran sual verməyi qadağan edərək, eyni vaxtda da düşünün deyir? Bəs bu ziddiyyət deyil? Ətraflı məlumat üçün “Maidə” surəsinin 101-ci ayəsini araşdıraq.

“Maidə” surəsi, 101-ci ayə: Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağışlayandır, Rəhmlidir.

Mömin ilk olaraq imanına uyğun olaraq həyatında yaxşı və pis standartların Allah tərəfindən qoyulduğunu bilməlidir. Möminlər Allah tərəfindən qoyulan qanunları elçi vasitəsilə Qurandan öyrənirlər. Elçinin din adına hökm vermə səlahiyyəti yoxdur. Bütün möminlər kimi o da əmr və qadağalara riayət etməklə məsuldur. İstər hz. Muhəmməd, istərsə də digər peyğəmbərlər dini hökm tələb edən suallara vəhylə cavab vermişlər.

Hz. Muhəmməd (s.ə.v) ona endirilən vəhyi öz cümlələri ilə şərh edə bilər? Əlbəttə ki, yox. Din adına hökmləri yalnız Allah verdiyi üçün hz. Muhəmməd ona vəhy gəlməsini gözləmişdir. Maidə surəsinin 101-ci ayəsi burada dövrəyə girir. Allahın vəhylə bildirdiyi hər məsələ əməl edilməsi zəruri əmr olduğu üçün Rəbbimiz hz.Muhəmmədə verilən suallara da Quranla cavab verməsini bildirmişdir.

Maidə surəsinin 101-ci ayəsində  “təsukum: sizi kədərləndirəcək” yəni, yeni dini öhdəliklər gətirən suallar verməyin deyilir. Quranla gələn qadağalar, əmrlər sizin üçün kifayətdir, Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir (2/185) deyir. Ayəni “sual verməyin” kimi anlayan zehniyyət isə səmimiyyətdən və məntiqdən tamamilə uzaqdırlar. Çünki insanlar sual verməkdən, düşünməkdən və cavab tapmaqdan heç vaxt kədərlənməzlər, əksinə sevinərlər və insanı digər canlılardan fərqləndirən ağıl və düşünmə xüsusiyyəti ilə araşdırmaqdan həzz alarlar. İnsanları incidən isə qadağalarla məhdudlaşdırılmasıdır.

QURANIN XİTABI AĞILDIR. Quranın düşünməyə və araşdırmağa verdiyi əhəmiyyəti ayələrlə araşdıraq;

Quranda cəhənnəmə gedənlərin peşmançılıqlarından və Allaha necə cavab verəcəklərindən xəbər verilir. “Fatır” surəsinin 37-ci ayəsinə görə cəhənnəmə gedənlər belə deyəcəklər:

…“Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”…

Yenə “Fatır” surəsinin 37-ci ayəsində Allah bu insanlara belə cavab verəcəkdir:

…“Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi?”…

Cəhənnəmə getməmək üçün doğru yolu tapmaq üçün düşünmək lazımdır.

… “Məgər düşünmürsünüz?” (Ənam surəsi, 50)

…”Məgər dərk etmirsiniz?” (Ənam surəsi, 32). (Bax. Əraf surəsi, 169, Yunus surəsi, 16, Hud surəsi, 51, Yusif surəsi, 109, Ənbiya surəsi, 10, Ənbiya surəsi, 67, Möminin surəsi, 80, Qəsəs surəsi, 60, Saffat surəsi, 137, Yasin surəsi, 68, Ənam surəsi, 32, Hədid surəsi,17)

…” Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik.” (Rum surəsi,28)

“Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!”. (Mülk surəsi, 10)

.…”Allah anlamayanları əzaba düçar edər”. (Yunus surəsi, 100)

İnsanları düşünməyə çağıran Quran eyni vaxtda araşdırmağa da dəvət edir. Quranı bütöv şəkildə qiymətləndirdikdə belə bir fikir formalaşır:

Bəziləri sual vermək günahdır deyirlər. Bu iddialar doğru deyil. Ümumi olaraq araşdırmağın yanlış olduğunu demək Qurana görə mümkün deyil. Qurana baxdığımızda araşdırmağı təşviq edən bir çox ayənin olduğunu görürük. Quran bizdən hansı sualları verməyimizi istəyir?

Bir neçə nümunəyə baxaq:

– Quran kainatın yaradılışı haqqında sual verməyimizi istəyir. (“Ənbiya” surəsi, 30)

– Quran insanın yaradılışı haqqında sual verməyimizi istəyir. (“Qiyama” surəsi, 37)

– Quran atalarımızın dini haqqında sual verməyimizi istəyir (“Bəqərə” surəsi, 170)

– Bu kitab Allah dərgahındandırsa hansı şərtə uyğun gəlməlidir? Quran birbaşa Quranın özünü araşdırmağımızı istəyir (“Nisa” surəsi, 82)

– Quran peyğəmbəri araşdırmağımızı istəyir (“Yunus” surəsi, 38)

– Din doğrudursa, niyə tanrı tək olmalıdır? Məsələn, Quranda hz. İbrahimin qissəsinə baxdıqda, bu qissənin tamamilə araşdırmaya aid olduğunu görürük. Hz.İbrahim “günəşin batdığını görərək, bu, mənim Rəbbim deyil”, – deyir.

Allah bunları bizə boş yerə izah etmir. Əslində, verdiyi nümunələrlə həqiqətlərə araşdıraraq çatmağımızı istəyir.

Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı (bütün) şahidlərinizi (köməyə) çağırın! (Bəqərə surəsi, 23)

Nəticədə, qeyd edək ki, Qurana görə araşdırmaq səhv və ya qadağan deyil. Quran təqlidi imanı deyil, düşünülərək əldə olunan imanı qəbul edir.  Düşünməyən insan  isə iman gətirmiş hesab edilmir.