Quran İslamı yaşamaq üçün yetərlidir

Quran Allahın insanlara hidayət və rəhbər olaraq endirdiyi möhtəşəm Kitabdır.

“Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır”. (Mülk surəsi, 2) Allah insanları sınamaq üçün onlara öyüd və nəsihət olaraq Quranı endirmişdir. “(Bu) mübarək Kitabı (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik”. (Sad surəsi, 29)

Quran açıqdır, “Beləcə, Biz (Quranı) açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir”. (Həcc surəsi, 16) aydındır, rahat anlaşılan Kitabdır, “Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən”. (Məryəm surəsi, 97) ətraflıdır, “Əlif. Ləm. Ra. (Bu,) Müdrik, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır. (Hud surəsi, 1) açıqlanmışdır, “(De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma”. (Ənam surəsi, 114)

Quranda insanların axirətə hazırlaşmaq üçün etməli olduqları hər şey bildirilir, “Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi.” (İsra surəsi, 89) və hər mövzu açıqlanıb. “Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar.” (Ənam surəsi, 38) Bütün bu qeyd etdiyimiz ayələr Quranın təkbaşına anlaşıla bilinməyəcəyi iddiasına qarşı açıq dəlillərdir.

Yerin və göylərin Yaradıcısı olan Allah tək hökm Sahibidir. “De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf surəsi, 26) Uca Rəbbimiz İslam dinini Quranla birlikdə, əvvəlki dinlərdən bəzi fərqləri olan şəriətlə Peyğəmbərimiz (səv) vasitəsi ilə bir rəhmət olaraq insanlara tamamlamışdır. “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Maidə surəsi, 3)

Allah Quranı axirətə kimi tam lazım olduğu qədər nazil etmişdir. Əgər diləsə, daha çox sözlə Quranı daha böyük Kitab edə bilərdi. “Əgər yer üzündəki bütün ağaclar qələm olsa idi, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsa idi, yenə də Allahın sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.” (Loğman surəsi, 27) Allah asan bir din olaraq insanlar üçün İslamı seçmişdir. “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir.” (Bəqərə surəsi, 185)


Haramları çox az, halalları çox olan bir dindir. “Allah yolunda lazımınca cəhd edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl (nazil etdiyi kitablarda), həm də bu (Kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!” (Həcc surəsi, 78)

Allah əvvəlcə Tövratda daha çox haramlar qoymuş və yəhudiləri bu haram-halallarla sınamışdır. Bu da Allahın hər bir şəriəti dilədiyi kimi yaratdığını və bu şəriətlərdə haram-halalları yalnızca Özünün dilədiyi qədər qoyduğunu göstərir. “Yəhudilərə etdikləri zülmə görə, həm də bir çoxlarını (eləcə də özlərini) Allah yolundan döndərdiklərinə görə (daha öncə) halal edilmiş gözəl nemətləri haram etdik.”(Nisa surəsi, 160) İslamı seçən insanları isə Quranda qoyduğu az sayda haram ilə sınayır. Əvvəlki dinlərdə fərqli haram-halalların olması Allahın bizim dinimizdə yalnız Quranda yazıldığı qədər haram və halallarla hökm etdiyini göstərir.
Belə ki, Saleh qissəsində dəvənin kəsilməsi qadağan olduğu halda, dinimizdə dəvə ən məqbul qurbanlardan sayılır. Şəriət, yəni Allahın qoyduğu qanunlar hər dində dəyişə bilir. Bu qanunlar insanların Allaha təslimiyyətlərini ölçmək və onları bəzi zərərli şeylərdən qorumaq üçündür.

Allah Quran endirilərkən haqqında hökm endirmədiyi mövzular barəsində sual verilməməsinin insanların xeyrinə olacağını, insanlara çox yük yükləməmək üçün bir çox mövzuda onları bağışladığını bildirmişdir. “Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah bunları (indiyə qədər verdiyiniz bu cür sualları) əfv etdi. Allah Bağışlayandır, Rəhmlidir”. (Maidə surəsi, 101) Çünki Allah insanların zəif yaradıldıqlarını bildirmiş, (Nisa surəsi, 28) insanlara sonsuz mərhəməti sayəsində çox yük yükləməmişdir. İnsanları yalnız Qurandan məsul tutaraq dini asanlaşdırmışdır. “Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız”. (Züxruf surəsi, 44)

Peyğəmbərimizin (səv) əxlaqı Quran əxlaqıdır. Heç bir zaman Qurana zidd hərəkət etməmişdir. Quranı hər zaman rəhbər etmişdir. Qarşılaşdığı hadisələr qarşısında Qurana görə qərarlar almış və həyatı boyu Allahdan vəhy aldığı ayələri tam dəqiqliyi ilə insanlara çatdırmışdır. Bu böyük və vacib vəzifədə olduqca diqqətli davranmış və Allahın qoyduğu hüdudlara olduqca diqqətli yanaşmışdır. “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir”. (Nəcm surəsi, 3-4)

Peyğəmbərimizin (səv) Allahın Quranda bəhs etdiyindən başqa əlavə heç bir haram ya da halal qoymadığını yenə də Quran ayələrindən görürük. Uca Allah Peyğəmbərimizin (səv) heç vaxt Qurana zidd bir şey etməyəcəyini, əgər etsə idi, onu buna görə cəzalandıra biləcəyini yenə də Quranda bildirmişdir. “Əgər (Muhəmməd) bəzi sözləri özündən uydurub Bizə aid etsə idi, Biz onu sağ əlindən yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs buna mane ola bilməzdi.” (Haqqə surəsi, 44-47) Hansısa peyğəmbərin Allah adına haram ya da halal qoyması (Allah onunla göndərdiyi Kitabda bildirməmişsə) o peyğəmbərin (Allahı tənzih edirik) Allaha şərik qoşması deməkdir. (Peyğəmbərimizi (səv) tənzih edirik) “Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin. Əksinə, (o deyər): “Öyrətdiyiniz Kitabın və (ondan) öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!” O sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?” (Ali İmran surəsi, 79-80)

Quran endirilmədən əvvəl Kitab əhlindən, yəni yəhudi və xristiyanlardan bəziləri İncil və Tövratda buyurulanlardan başqa bir sıra haram-halallar uydurmuşdular. “Sonra onların ardınca dalbadal elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özlərindən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir.” (Hədid surəsi, 27) Beləcə, olduqca çətin bir din yaratmış və uydurduqları bu çətinliklərə görə də insanları Allahın buyurduğu əsl dindən uzaqlaşdırmışlar. Allahın qoyduğu haram-halalların əvəzinə öz haram-halallarını qəbul etdirərək Allaha şərik qoşmuşlar. Bunların ardınca gedən, Tövratda və İncildə olmayan haram-halalları (Allahın bildirməməsinə baxmayaraq) yalnız bəzi din adamlarının dediyinə görə öz şəriətlərinin qayda-qanunları kimi görənlər Allaha şərik qoşurlar. Allah bu insanlara sərt şəkildə xəbərdarlıq edir. “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yox-dur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır”. (Tövbə surəsi, 31)

Bugün də İslam dünyasında vəziyyət belədir. Tarix boyu müsəlmanlar Qurandan kənar hədis, icma, qiyas kimi üsullarla Qurandan kənar bəzi qaynaqlara yönəlmiş və bu qaynaqlardan çıxartdıqları hökmlərə uymuşlar. “Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara (dalar) və ancaq zənnə uyarlar. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!” (Bəqərə surəsi, 78-79)

Çox təəssüf ki, şeytan İslam yolunda həm ateizm və onun “elmi əsası” hesab etdiyi darvinizmlə, həm də İslama daxil etdiyi, amma Quranda olmayan bidətlərlə hiylə qurmuş və dini bunlarla əhatə etmişdir.

Amma bir mövzu yanlış anlaşılmamalıdır. Bütün hədislər yanlış deyil. Quran tam başa düşüldükdən və Allahın Qurandakı əmrləri anlaşıldıqdan sonra hədislər Qurana əsasən təhlil edilərək doğruluğu təsdiq olunmalıdır. Quranda qarşılığı olmayan hədisləri Peyğəmbərimizin (səv) söylədiyini iddia etmək Peyğəmbərimizə (səv) atılan çox böyük böhtandır. Qurana uyğun bir sıra hədislər var, ancaq Quranda olmayan, hökm qoyan, haram və halal uyduran hədislər doğru deyil. Bunların heç birini Peyğəmbərimiz (səv) söyləməmişdir. Qurana uyğun hədislər bir müsəlmanın İslamı daha yaxşı qavramasına kömək edə bilər, amma müsəlman üçün yeganə mənbə və məsul tutulacağı Kitab Qurandır.

“Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir. Siz sorğu-suala tutulacaqsınız.” (Züxruf surəsi, 44) Peyğəmbərimiz (səv) də öz ümmətinin Qurandan uzaqlaşdığını bildirərək Allaha şikayət etmişdir. Quranda belə bildirilir: “Peyğəmbər dedi ki: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” (Furqan surəsi, 30)

Məqaləni bitirməzdən əvvəl bəzi insanların hədisləri uzlaşdırmalı olduğu Quran ayələrini qısaca açıqlamaq istəyirik. Ənənəvi dünyagörüşü ilə dinə yanaşanlar Quranda bildirilən “hikmət” sözü ilə sünnədən, hədislərdən və vəhydən əlavə digər hökmlərin nəzərdə tutulduğunu, beləcə, Quranın yeganə mənbə olmadığını və Peyğəmbərimizin (səv) Allahın izni olmadan hökm verə biləcəyini izah edirlər. Halbuki Quranda “Allah Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf surəsi, 26) deyə bildirilir.

İndi isə “hikmət” kəlməsini Quran əsasında izah edək… Quranda bu kəlmə ilə Qurandan kənar mənbə ola biləcəyinə dair bir dəlil olmadığı kimi, “hikmət” kəlməsinin “sünnə” ya da “hədis” kimi mənaları da yoxdur. Əksinə, bir sıra ayələrlə hikmətin Quranda olduğu bildirilir:

“Bunlar hikmətli Kitabın ayələridir.” (Loğman surəsi, 2)
“And olsun hikmətli Qurana!” (Ya sin surəsi, 2)

Ayələrdən də göründüyü kimi “hikmət” məhz elə Quranın özüdür.

Digər ayə isə belədir: “Allahın Elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”. (Əhzab surəsi, 21) Allahın bu ayədə hədislərdən bəhs etdiyini iddia edənlər vardır, amma Qurana ümumi olaraq nəzər salındıqda Peyğəmbərimizin (səv) Qurandan kənar heç bir hökm vermədiyini görə bilərik. Yəni, əslində, ayədən anladığımız sünnə Qurandır. Sünnə kəlməsi Quranda yalnızca Sünnətullah, yəni Allahın yolu olaraq bildirilir. Peyğəmbərimizlə (səv) əlaqələndirilməsi doğru deyil. Allahın Rəsulu yalnızca Qurana əsasən yaşamışdır, onun sünnəsi Qurandır. Peyğəmbərimizin (səv) sünnəsi Qurana görə yaşamaqdır. Hədislər yalnız Qurana uyğunluğu təsdiq edildikdən sonra etibarlı hesab edilə bilər. Bunun üçün təbii ki, Quranı çox yaxşı bilmək lazımdır. Quran çox yaxşı qavranılsa, hədislər də bir müsəlmanın imanının dərinləşməsinə səbəb ola bilər. Yuxarıdakı ayədə bildirildiyi kimi, müsəlmanlar Qurandan hesaba çəkiləcəklər.

Bütün bunlar hədislərin Quran ayələrini açıqladığına dair bir cavabdır. Quran ayələrinin hədislər vasitəsi ilə açıqlanmasına ehtiyacı yoxdur. Quranın açıq və aydın olaraq endirildiyi ilə bağlı ayələr yuxarıda bildirilib. Quran heç nəyə ehtiyacı olmayan Kitabdır və onu açıqlamaq Allaha aiddir. Bunu da Allah Quran oxuduqları zaman səmimi müsəlmanların qəlbinə ilham edir.

Quran İslamı yaşamaq üçün yetərlidir. Namaz qılmaq, oruc və digər bütün ibadətlər, qədər və digər bütün mövzular Quranda əksiksiz olaraq bildirilmişdir. “Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir”. (Ənam surəsi, 115) Allah Öz Kitabında bunların heç birini unutmamışdır. “(Musa) dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!” (Ta ha surəsi, 52) Bütün bu ayələr saxta hədislərdə, icmalarda, qiyaslarda bildirildiyindən daha asan və aydındır. İslam, həqiqətən də, asanlıq dinidir. Müsəlmanın etməli olduğu tək şey səmimi olaraq Allaha özünü tam təslim etmək, Quranı diqqətlə və davamlı oxumaq, onu anlamaq üçün Allaha dua etməkdir. Dua edən insanın isə Allah səmimiyyətinə görə inşaAllah Quranı anlamasına yardım edəcək.Quran İslamı yaşamaq üçün yetərlidir