Qisasla bağlı ayədə ziddiyət yoxdur

Qisasla bağlı ayədə ziddiyət yoxdurQisasla bağlı ziddiyətin olduğu iddia edilən Bəqərə surəsinin 178-ci ayəsində bildirilir:

“Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər (qatil) qardaşı ölənin varisləri tərəfindən bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır.

Ayənin ümumi mənası nəzərə alınmayaraq hərfi tərcümə edilsə, yuxarıda verilən məna tam doğrudur. Ancaq konteks nəzərə alındıqda ayə tamamilə fərqli məna daşıyır. Əgər ayə sırf hərfi tərcümə olunsa, azad bir insanı azad biri yox, kölə və ya qadını qadın yox, kişi öldürsə nəticəsi nə olar, kimi suallara cavab tapa bilməzdik. Ayənin ümumi mənası nəzərə alındıqda isə ortada heç bir problem qalmır. Əgər ayədə hərfi məna ilə tərcümə olunsa “azad isə azad, kölə isə kölə” bildirilmişdirsə, cümlə konteksi nəzərə alındığı zaman məna”azadı azad, köləni kölə, qadını qadın; kim öldürmüşsə o öldürə bilər” şəklinə düşür. Başqa sözlə öldürənin yerinə başqa heç kim öldürülə bilməz.

Ancaq cahiliyyə dövründə bəzi cinayətlərdə öldürən kimsənin yerinə qanbahası olaraq bir başqası öldürülürdü. Məsələn, əgər öldürən nüfuzlu qəbilədən biridirsə, onun yerinə həmin qəbiləyə mənsub hər hansı bir kölə qanbahası olaraq öldürülürdü.