Mirasda kişiyə iki, qadına isə bir pay düşməsi haqsızlıqdırmı?

Mirasda kişiyə iki, qadına isə bir pay düşməsi haqsızlıqdırmıMiras mövzusuna girmədən əvvəl Qurandan bir neçə şeyi xatırlatmaq istəyirəm. İslamda qadın və kişi əməl baxımından tam bərabərdir. Qurandakı xitab “mömin kişilər və mömin qadınlara söylə” şəklindədir. Heç kim heç kimdən üstün deyil. Allah ayədə belə buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Nəhl surəsi / 97) Üstünlük yalnızca təqvaya görədir. Bu da Allahın Dərgahındadır. “… Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır…” (Hucurat surəsi / 13)

Dünyada qadın və kişinin fərqi bioloji və emosional xüsusiyyətləridir. Allah hər iki cinsə də fərqli xüsusiyyət və bacarıqlar vermişdir. Ancaq bu xüsusiyyətlər birini digərindən üstün etməz. Kişi fiziki məsələlərdə bacarıqlıdır. Qadının həssas zəkası və doğuş qabiliyyəti də kişinin sahib olmadığı bir özəllikdir.

Qurana əsasən kişi də, qadın da işləyə bilər. “Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır…” (Nisa surəsi / 32) Ancaq evin maddi ehtiyacının məsuliyyəti kişiyə verilmişdir. Bu kişinin evdə idarəedici olduğunu göstərməz. Çünki Allah möminlərin bütün işlərini istişarə ilə gördüklərini bildirir. Kişi evi maddi olaraq qarşıladığı üçün tək başına söz haqqına sahib deyildir.

Allah Nisa surəsinin 34-cü ayəsində ”erricalü kavvamune alennisai” ifadəsi ilə “qadınlar kişiləri himayə edir” və ya “kişilər qadınların dolanışığına görə məsuliyyət daşıyırlar” deyir. Bəhs edilən qadın həyat yoldaşı, bacı, ana və ya qız övladı ola bilər. Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. (Nisa surəsi / 34)

İndi də gələk miras mövzusunda ateistlərin çox gündəmə gətirdikləri Nisa surəsinin 11-ci ayəsinə.
Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür. (Nisa surəsi / 11)Dərin düşünmədən, mühakimə etmədən, Quranın əsasına baxmadan, ayənin yalnızca bu hissəsini oxuduğunuzda, sanki qadının ikinci planda tutulduğunu zənn edə bilərsiniz. Halbuki bu heç də zənn etdiyiniz kimi deyil. İndi ayənin son hissəsinə baxaq:

Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. (Nisa surəsi / 11)

Burda gözdən qaçırılmış və ya görməməzlikdən gəlinmiş incə məqam var. Diqqət etdinizsə bütün mirasdan kişiyə iki, qadına bir pay verildiyi deyilmir. Bu vəsiyyətdən və borcların ödənilməsindən sonra qalan pul və ya mal üçün deyilir. Ata istərsə malını qızı və oğlu arasında bərabər bölə bilər. Ya da yaşlılıqda ona kim qayğı göstərərsə və ya kimin ehtiyacı çoxdursa, ona daha artıq pay verə bilər. Sonra atanın borcu varsa, vəsiyyətdən əlavə qalan pulu ilə borcu ödənilir. Hələ də bir miqdar qalıbsa, bu oğlana iki, qıza isə bir pay olaraq bölünür.

Bu bölgü atanın övladlarına qoyduğu mirasa aiddir və vəsiyyətdə ədalət əsasdır. Bəqərə surəsinin 180-cı ayəsinə əsasən ölüm gəlib çatdıqda həmin şəxsin vəsiyyət etməsi fərzdir. 182-ci ayədə isə vəsiyyət edənin ədalətsiz davrandığı təqdirdə tərəflər arasında razılığın təmin edilməsi buyrulmuşdur.

Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir! (Bəqərə surəsi / 182)

Eyni zamanda miras qoyan kişi və ya qadının həyat yoldaşı və övladı yoxdursa, aparılmalı olan bölgü vardır. Burada ölən şəxsin qardaşı və bacısı varsa bərabər bölgü aparılır.

“… Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, vərəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir.” (Nisa surəsi / 12)

İndi isə məqaləmin ilk hissəsində verdiyim izahlara qayıtmaq istəyirəm. Nisa surəsinin 34-cü ayəsində qadınların (ana, həyat yoldaşı, qız övladı, bacı) dolanışığına görə kişinin məsuliyyət daşıdığı hökmü vardır. Qadın və kişiyə qazandıqlarında pay vardır ayətinə əsasən qadın da, kişi də işləyə bilər. Ancaq qadının işləməsi evi dolandırmaq üçün deyildir. Həyat müştərəkdir, əlbəttə ki, qadın da evin dolanışığına yardım edə bilər. Lakin Allah qadına bu məsələdə bir imtiyaz vermiş və nə qədər zəngin olursa olsun, evin dolanışıq məsuliyyətini kişiyə yükləmişdir. Qadın qazandığını istədiyi kimi xərcləyə bilər. Burada əldə etmək istədiyim nəticə budur:

Kişi mirasda vəsiyyətdən və borcdan sonra yerdə qalan pulun iki hissəsini alır. Ama aldığı pay da nəzərə çarpmayacaqdır Allahualəm. Çünki İslamda ehtiyacdan artıq qalan mal infaq edilir. Yəni yetimə, yoxsula, yolda qalana verilir. Mal yığıb saxlamaq qadağandır. Miras qalan mal da yəqin ki, ev, iş yeri, maşın, bağ-bağça, heyvan olacaqdır.Bacısının, anasının, evləndikdən sonra da həyat yoldaşının dolanışığından kişi məsuliyyət daşıyır.
İslam qanununa görə kişi evlənərkən qadına mehir verməlidir. Mehir qızın ailəsinə deyil, birbaşa qadına verilən mal və ya puldur.

Qurana bütöv bir şəkildə baxdığımızda, qadının arxa planda olduğuna dəlil kimi göstərilən bu ayədə, əslində qadının necə əl üstündə tutulduğunu görürsünüz. İslam qadına ən çox hörmət bəslənən, hüquqları ən çox qorunan yeganə sistemdir.