“Məsəd” surəsində bəd dua edilir, yoxsa İslamın əsas mübarizəsi izah edilir?

“Məsəd” surəsində bəd dua edilir, yoxsa İslamın əsas mübarizəsi izah edilir

Ənənəvi Quran tərcümələrinə görə, Əbu Ləhəb övrəti ilə birlikdə hz.Muhəmmədin yolunun üzərinə tikan tökdüyünə və Rəsulullahın qohumlarına təbliğ etdiyi tədbirdə çirkin ifadələr işlədərək yığıncağı tərk etdiyinə görə Məsəd surəsi etmişdir.

Quran tərcümələrində tez-tez rast gəlinən yanılma ilə rastlaşırıq. Hətta tərcümə səhvinə görə dindən çıxan insanlar da olur. Allahın elçisinə əziyyət verən və təhqir edən bu qədər insan var ikən nə üçün Əbu Ləhəb üçün surə nazil olub? Nə üçün Allah bir insanın əllərinin quruması ilə bağlı ayə göndərib? Qurana dair suallara cavabı yenə də Qurandan tapırıq.

Ayəni tədqiq edək.

“Təbbət Yətə əbiləhəbin və Təbb”

“Qurusun, yox olsun Əbu Ləhəbin (yəni əbu ləhəbçi insanların nizamı qurusun) yox olsun”

Ayənin əsl tərcüməsi yuxarıda yazılan kimidir. Tərcüməçilər ayənin peyğəmbərin əmisi Əbdüluzza (Əbu Ləhəb) üçün endiyini yazırlar, halbuki ayələr ümumbəşəridir, burada şəxslərdən çox bütün bəşəriyyətə xitab edilir.

Ayədə keçən “yetə” sözü “əl” yox, “güc” mənasındadır. Quranda “yetə” kökü “güc, qüvvə, nizam, əl, rəhbərlik” mənalarında işlədirilir. Məsələn, Yədullah dedikdə, Allahın “əli” yox, “gücü, hökmü” başa düşülür.

Qurusun, yox olsun Əbu Ləhəblərin gücü, nizami qurusun, yox olsun (Məsəd surəsi, 1)

Bəs Əbu Ləhəbçi nədir?

Əbu Ləhəbçi öz gücü ilə zəif insanı əzmək, həqiqəti gizlətmək, mənfəəti və eqosu üçün yaşamaq, insanları ucaltmaq, insanlara sığınmaq, insanlardan kömək istəmək kimi mənaları ifadə edir. Ayədə bu sistemi yaradanların nizamı qurusun, yox olsun,- deyə buyurulur.

 

Ayəni dövrümüzə uyğun şərh etsək görərik ki, Quran əxlaqına uyğun olmayan sistem yaradanların nizam və ideologiyaları qurusun, yox olsun deməkdir.

“Yətə əbiləhəbin” ifadəsini “Əbu Ləhəbin nizamı” kimi başa düşmək lazımdır. O zaman surə əsl mənasında olar. Belə olduqda bu rejimin nədən ibarət olduğunu izah etmək lazımdır.

Elçi Allahın birliyini və bütlərin yalan olduğunu izah etdiyi zaman Əbu Ləhəb və tərəfdarları qarətçilik rejiminin pozulacağından qorxmuşlar. Onların düşmənçilikləri buna görədir. Əbu Ləhəbin havadarları onun yandaşlarıdır. Allahın düşməni olan Əbu Ləhəb və ona xidmət edən övrətinin timsalında olanların, davamçılarının və onların rolunu yerinə yetirənlərin qiyamətə qədər aqibətləri nəzərdə tutulur.

Yəni İslamın gətirdiyi “Tək tanrı inancı və ədalət nizamı” ilə “Bütlərə sitayiş etmək və zülm nizamı” bir-birinin ziddinədir. Bu səbəbdən “Məsəd” surəsi İslamın əsas mübarizəsinin ifadəsidir. Bu ayə həm o dövrü, həm də bu dövrü ehtiva edir. Dini öz maraqlarına, şöhrətpərəstlikərinə, səltənətlərinə alət edənlər varsa, onlar Əbu Ləhəbçidirlər.

Beləliklə, “Məsəd” surəsinin mənasını bir daha oxuyaq:

 

“Qurusun, yox olsun Əbu Ləhəbin, yəni əbu ləhəbçi insanların nizamı qurusun, yox olsun”

Peyğəmbərlər insanların ləyaqətli, şərəfli, əxlaqlı yaşamaları üçün tarixin axarını dəyişdirən ən böyük rəhbərlər və ən cəsarətli liderlərdir.

Gətirdikləri ilahi mesajlar ümumbəşəridir. Quranda ayələrin ümumi mesajlar ehtiva etməsi, insanın təbiətinə uyğun prinsiplər və müddəalar daşıması, ayələrində “Ey insanlar” deyə müraciət etməsi onun ümumbəşəri olmasının dəlillərindəndir.