İblis (şeytan) cindir, yoxsa mələk?

İblis (şeytan) cindir, yoxsa mələkQuranda ziddiyyətin olduğunu iddia edən insanlar “Bəqərə” surəsi 34-cü ayəni öz iddialarına dəlil kimi göstərirlər. İddiaya görə, “Quran insan tərəfindən yazılıb və şeytanın mələk və ya cin olduğu məsələsində ziddiyyət vardır”! (Quranı tənzih edirik).

“Bəqərə” surəsi 34-cü ayədə belə deyilir:

“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu”.

Quranda ziddiyyətin olduğunu iddia edən insanlar bu ayənin yalnız mələklərə xitab edildiyini irəli sürür, bu səbəbdən də İblisin (şeytanın) mələk olduğunu bildirir. “Kəhf” surəsi 50-ci ayədə isə iblisin “cin” olmasının yazılmasını ziddiyyət kimi səciyyələndirirlər. İndi vəziyyəti Qurana ərz edək və iddianın səmimiyyətdən uzaq və əsassız olduğunu göstərək.

“Bəqərə” surəsinin 34-cü ayəsi tərcümədə səhv başa düşüldüyü üçün ayələrdə ziddiyyət olduğu güman edilir. Bu ayədə ərəb dilində “təğlib sənəti” kimi məlum olan bir dil sənətindən istifadə olunmuşdur. Təğlib sənətində çoxluğa xitab edilir. Təğlib kəlməsi ərəb dilində qalib etmək, üstün etmək mənasındadır. Təğlib sənəti – təğlib olunan iki şeydən birinin seçilməsi və seçilən şeyə aid olan kəlmənin hər ikisi üçün də istifadə edilməsidir.

Bu məlumatdan sonra mələklərin Quranda izah edilən xüsusiyyətlərinə baxaq. “Nəhl” surəsi 49-50 və “Təhrim” surəsi 6-cı ayələrdə mələklərin Allaha qarşı təkəbbür göstərməyərək Rəbbindən gələn bütün əmrləri yerinə yetirdikləri bildirilir.

Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. (Nəhl surəsi, 49-50)

Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır. (Təhrim surəsi, 6)

Bundan başqa, “Əraf” surəsi 11 və 12-ci ayələrdə də iblisin mələk olmadığı asanlıqla başa düşülür.

Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı.

“(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”

“Bəqərə” surəsi 34-cü ayədə mələklərə xitab edilərkən onların arasında iblis də vardı. Sonrakı ayədə iblisin mələklərdən fərqli olduğu görünür. Yəni Allah mələklərə xitab edərkən iblisin mələk olmadığını bilirdi. Bu, açıq-aydın ortadadır. Həmçinin növbəti ayə belə olsa, 11-ci ayədə cümlənin bitmədiyinə diqqət yetirin. Çünki 12-ci ayə birbaşa “Allah dedi ki” (Kalə) deyə başlayır.

İblisin mələk olmadığına digər bir dəlil “Kəhf” surəsindədir. “Kəhf” surəsi 50-ci ayədə iblisin açıq-aydın cin olduğu yazılır.

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi…

Nəticə

“Bəqərə” surəsinin 34-cü ayəsində “mələklərə” xitab edilərkən, onların arasında iblisin olması ilə onun bir mələk olduğu nəticəsinə gəlmək olmaz, çünki ərəblərin təğlib sənətə əsasən azlığı qeyd etməyə ehtiyac yoxdur. Buna görə də bu ayədən iblisin mələk olduğu anlaşılmır. Beləliklə, bu ayənin başqa ayələrlə ziddiyyəti yoxdur.