“Mucadilə” surəsinin 12-ci ayəsində peyğəmbərlə görüşməzdən əvvəl sədəqə verməklə bağlı olan mövzu Quranda ziddiyyət axtaran şəxslərin iradlarından biridir. Peyğəmbərin sanki görüşmək istəyənlərdən sədəqə istəməsi kimi məna verilən ayənin mənası məlum olduqdan sonra bu böhtan aradan qalxacaq. İddia edilən məsələ ilə bağlı ayələr aşağıdakı kimidir:
Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir. (Mucadilə surəsi,12)
Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz (bunu) etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır. (Mucadilə surəsi,13)
Əvvəla, “Sədəqə” sözünün mənasını bilmək lazımdır. Sədəqə nədir?
Kəzəbə, yəni yalan demək, yalan danişmaq sözünün antonimi olan sa-də-qa sözü doğru demək, doğru olmaq, təsdiq etmək mənasındadır. Bu kəlmənin bir çox mənaları var:
Sadiq- düz danışan insan
Sadiq-səmimi dost (vəfalı insan)
Təsdiq- təsdiq etmək, təsdiqləmək
Sidq- doğruluq
Sədəqə- doğruluğunu, səmimiyyətini, dostluğunu isbat etmək üçün var-dövlət
Müsəddiq -təsdiq edən
Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir. (Tövbə surəsi, 60)
Bu səbəbdən “Tövbə” surəsinin 60-ci ayəsində buyurulduğu kimi, biz doğruluğumuzu, səmimiliyimizi yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə isbat etməliyik.
Məhz buna görə də qeyd edilən şəxslərə sədəqə verməliyik. Ən əhəmiyyətlisi isə malik olduğumuz nemətlərin ən yaxşısını sədəqə verməliyik.
Qısaca yekunlaşdırsaq, “Mucadilə” surəsinin 12-ci ayəsində peyğəmbərlə görüşməzdən əvvəl SƏMİMİ OLDUĞUNUZU sübut edin deyilir. Ona pul verin deyilmir.
İstər “Ya sin” surəsinin 21-ci ayəsində, istərsə də Quranın bir çox ayəsində peyğəmbərlərin pul qarşılığında təbliği qadağan olunmuşdur. Əlbəttə, təkcə peyğəmbərlər deyil, heç bir mömin, pul qarşılığında dini təbliğ edə bilməz. Qurana görə bu, haramdır. Ona görə də irəli sürülən iddialar böhtandır və səmimilikdən uzaqdır.