Cəhənnəm əhlinə kitabları hansı tərəfdən veriləcək?

Cəhənnəm əhlinə kitabları hansı tərəfdən veriləcəkQiyamət günü cəhənnəm əhlinə kitablarının verilməsi ilə bağlı ayələrdə bir çox ziddiyyət olduğu iddia edilir. İddialar hər zamankı kimi ön mühakimədən və məlumatsızlıqdan qaynaqlanır.

Qurana aid bir mövzunun, yaxud sualın cavabı və həll yolu yenə də Qurandadır. Çünki Quran bir bütündür və öz-özünü təfsir etmə xüsusiyyətinə sahib olan mükəmməl Kitabdır.

Qiyamət günü cəhənnəm əhlinə kitablarının verilməsi ilə bağlı ziddiyyət olduğu deyilən ayələrə nəzər salaq:
Kimin kitabı arxa tərəfindən veriləcəksə, (İnşiqaq surəsi, 10)

Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! (Haqqə surəsi, 25)

İnşiqaq surəsinin 10-cu ayəsində kitabı arxa tərəfindən verilənlərdən bəhs edilir. Burada cəhənnəm əhlinin kitabının arxa tərəfindən verildiyi başa düşülür.

Haqqə surəsinin 25-ci ayəsində isə kitabın cəhənnəm əhlinin sol əlinə veriləcəyi bildirilir. Bu iki ayə arasında heç bir ziddiyyət yoxdur. Birində kitabın verildiyi istiqamət “arxa tərəf” olaraq bildirilir, digərində isə kitabın cəhənnəm əhlinin sol əlinə verilməsindən bəhs edilir. Yəni cəhənnəm əhlinin kitabı arxalarından sol əllərinə uzadılacaqdır. Ayələrdə qətiyyən ziddiyyət yoxdur, əksinə iki ayədə bildirilən ifadələr bir-birini tamamlayır. Çünki Quranda heç bir ayədə cəhənnəm əhlinin kitabının sağ tərəfdən veriləcəyindən bəhs edilmir.

Quranda dəftərləri sağ tərəfdən verilənlər “əshabul-yəmin” kimi, arxa tərəfdən sol əlinə verilənlər isə “əshabuş-şimal” kimi zikr edilir (Haqqə surəsi, 19,25; İnşiqaq surəsi, 7,10). Dəftərin sağ tərəfdən verilməsi müjdə, soldan və ya arxa tərəfdən verilməsi isə qorxu və əzaba işarədir.

Quranda təkcə şəxslərin deyil, millət və camaatların da “kitab” adlanan əməl dəftərlərinin olduğu və hesab günündə hər millətin öz kitabını oxumağa çağırılacağı da bildirilir. (Casiyə surəsi, 28-29)

Quran hər cəhətdən mükəmməl yazılmış bir Kitabdır. Allah çox az sözdən istifadə edərək qurduğu cümlə kombinasiyaları ilə bizə Qurana aid sualların cavabını yenə də Qurandan alacağımız şəkildə mükəmməl bir Kitab lütf etmişdir və Quranda heç bir ziddiyyət yoxdur.