Allaha şərik qoşanlarla bağlı ayələrdə ziddiyyət olduğu iddiası vardır. Lakin burada da ayələrin ardıcıllığını pozaraq müəyyən qisimlərini götürüb, müxtəlif formada şərh verməyə çalışırlar. Lakin ayələri mövzuya uyğun ardıcıllıqla oxuduqda bu iddianın yanlış olduğu aydın olur. Ayələr belədir:
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. (Nisa surəsi / 116)
Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!” – demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik. (Nisa surəsi / 153)
Nisa surəsinin 116-cı ayəsində şərik qoşanların bağışlanmayacağı, 153-cü ayədə isə buzova sitayiş edən yəhudilərin bağışlandığı bildirilir. Bunu ziddiyyət kimi göstərməyə çalışırlar. Lakin 116-cı ayədə fərqli hadisədən bəhs edilir. İndi bu ayəyə ondan əvvəlki ilə birlikdə baxaq:
Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir. (Nisa surəsi / 115)
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür. (Nisa surəsi / 116)
Bu iki ayəni birlikdə oxuduqda aydın olur ki, şərik qoşan insanlar hesab günündə bağışlanmayacaq. Yəni bir insan ömür boyu şərik qoşaraq yaşayar və tövbə etmədən ölərsə, bu zaman Allah onun günahını əfv etməyəcək. 153-cü ayədə isə dünyada yaşayan insanlardan bəhs edilir. İsrailoğulları inkar etdikdən sonra tövbə etmiş və bağışlanma diləmişlər. Qısası, 116-cı ayədə hesab günündə Allahın bağışlamayacağı günahdan, yəni şirkdən bəhs edilir. 153-cü ayədə isə dünyada yaşayan insanların şərik qoşsalar belə tövbə edərlərsə, bütün günahlarının bağışlanacağı bildirilir. Əraf surəsinin 179-cu ayəsində İsrailoğullarının tövbə etdikləri açıq şəkildə qeyd edilir.
Allah nə günah olursa olsun, tövbə edənin tövbəsini qəbul edir. Axirətdə də əfv edər, lakin şərik qoşanların günahını bağışlamaz. Ayələri bu şəkildə oxuduqda hər hansı ziddiyyətin olmadığı aydın olur.
Hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi / 39)